
Azərbaycanın sənətkarlıq paytaxtı
Mədəniyyət və Turizim Nazirliyinin 2010-2014-cü illər
üçün xalq yaradıcılığı paytaxtları proqramına əsasən,
Gəncə-Azərbaycanın əfsanələr paytaxtı-2010 , Qazax-Azərbaycanın folklor paytaxtı-2010 və Şəki-Azərbaycanın sənətkarlıq paytaxtı-2010 elan edilmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 24-də bu münasibətlə mətbuat konfransı keçirmişdir.
Son illər ölkəmizdə mədəniyyət və incəsənət sahəsinin
inkişafı istiqamətində reallaşdırılan layihələrdən danışan
Ə.Qarayev, Azərbaycanın ev sahibliyi ilə bir çox mühüm
beynəlxalq mədəni tədbirlərin keçirildiyini diqqətə
çatdırmışdır.
Bildirilmişdir ki, Bakı-İslam mədəniyyətinin paytaxtı-2009 mədəniyyət ili çərçivəsində keçirilmiş silsilə
tədbirlər Azərbaycanı bütün dünyada bir daha tanıtmışdır. Bu
tədbirlər İSESKO tərəfindən yüksək qiymətləndirilmişdir.
Tədbirlərdə, demək olar ki, bütün İslam ölkələri yaxından
iştirak etmişlər.
Əbülfəs Qarayev demişdir ki, Azərbaycan aşıq sənəti və
Novruz bayramının YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi
mədəni irsi siyahısına daxil edilməsi bizim üçün imkanlar
yaratmışdır. Biz bu istiqamətdə işlərimizi bundan sonra da
davam etdirəcəyik.
Nazir YUNESKO ilə əlaqələrin daha da genişlənməsində Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın fəaliyyətini xüsusi vurğulamışdır.
Bildirilmişdir ki, dünyanın qabaqcıl ölkələrinin mədəniyyət
siyasəti sahəsindəki təcrübəsi nəzərə alınmaqla, Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi
mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq)
qorunması və dəstəklənməsi istiqamətində islahatlara
başlanılmışdır. Hazırda nazirlik tərəfindən Azərbaycanın
qeyri-maddi mədəni irs konsepsiyası, abidələrin dövlət
reyestri, inventar pasportlaşdırılması, Muğam-tur,
aşıq-tur, xalça-tur və Novruz-tur beynəlxalq mədəni-turizm
marşrutlarının yaradılması və digər proqramlar, layihələr
üzərində iş aparılır.
Əbülfəs Qarayev vurğulamışdır ki, Azərbaycanın qeyri-maddi
mədəni irsinin qorunması, dəstəklənməsi, xalq
yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan
islahatların davamı olaraq Mədəniyyət və Turizm Nazirliyi
2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları
proqramını təsdiq etmişdir. Proqramın icrası ilə əlaqədar
diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə
daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi
hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə
alınmaqla təhlil edilmiş, cari il üçün Gəncə, Qazax və Şəki
müxtəlif sahələr üzrə paytaxt şəhərlər seçilmişlər.
Məsələ ilə əlaqədar təsdiq olunmuş ilkin tədbirlər planına
əsasən, Gəncə, Şəki və Qazax şəhərlərində keçiriləcək
tədbirlərin yüksək səviyyədə təşkili üçün təşkilat
komitələri yaradılmış və müvafiq şəhərlərin gerbləri
əsasında loqotiplər hazırlanmışdır. Hazırda loqotiplərin əks
olunduğu lövhələrin, banerlərin, çap məhsullarının
hazırlanması və yerləşdirilməsi istiqamətində iş aparılır.
Eyni zamanda, Azərbaycanın xalq yaradıcılıq paytaxtları elan
edilmiş şəhərlərdə təntənəli mərasimlər təşkil olunacaqdır.
Bundan əlavə, Gəncə, Şəki və Qazax şəhərlərində nominasiyaya
uyğun olaraq cari ildə incəsənət, kinematoqrafiya, turizm,
nəşriyyat, reklamın təşkili, informasiya, elm və təhsil və
digər profilli tədbirlərin, investisiya və texniki proqram
layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
2010-cu ildə nominasiya üzrə Gəncə şəhərində milli mərasim,
adət-ənənələr, şifahi xalq yaradıcılığı və milli oyunlar,
Qazaxda xalq musiqisi, rəqsləri və teatrı, Şəki şəhərində
isə xalq tətbiqi sənəti, ənənəvi dekorativ sənəti və milli
təsviri sənət ənənələri ilə bağlı silsilə tədbirlər
keçiriləcəkdir.
Mətbuat konfransında jurnalistləri maraqlandıran suallar
cavablandırılmışdır.



