
Azərbaycanın qədim diyarı
Şəki
rayonu Azərbaycanın ən maraqlı, bənzərsiz və gözəl
rayonlarından biridir. Rayonun inzibati mərkəzi-Şəki
şəhəri böyük Qafqaz dağlarının mənzərəli cənub yamaclarında,
qarlı zirvələr fonunda yerləşir. Şəki Azərbaycanın ən qədim
şəhərlərindən biridir.
Belə hesab edirlər ki, Şəkinin əsası bizim eradan əvvəl I minillikdə qoyulmuşdur. Bu şəhərin 2500-2600 yaşı olması güman edilir. Şəhərin adı vaxtilə bu yerlərdə yaşamış saki qəbiləsinin adından alınmışdır. Qədim Şəki ticarət yolları qovşağında yerləşirdi. O, iri ticarət mərkəzi, ipəkçiliyin və sənətkarlığın yaxşı inkişaf etmiş olduğu bir yer idi. Əsrlər boyu buraya gələn səyyahlar ilk növbədə Şəkinin bazarlarına baş çəkirdilər. Məşhur Şəki bazarlarında şıdırğı alver gedirdi: taxıl, ipək, dülüsçuluq məmulatı, döymə işi olan qablar və zərgərlik məmulatları satılırdı. Lakin Şəkini ən çox məşhurlaşdıran-onun ipəyi idi. Avropa, Asiya, Yaxın və Orta Şərq ölkələrindən gəlmiş tacirlər yüngül, güləbətin işləməli duvaq kimi, şəffaf Şəki ipəyini dünyanın müxtəlif ölkələrinə aparırdılar. Böyük İpək Yolu bu ərazidən keçdiyi dövrdə buralarda necə canlanma yarandığını təsəvvür etmək olar. Heyrətamiz gözəlliyə malik olan Şəki xalçaları da çox məşhur idi.
1826-cı ildə A.S.Puşkinin dostu general N.Rayevski bu diyarda olandan sonra qohumlarına yazdığı məktubda buranı belə təsvir etmişdir: «Mənim keçib getdiyim diyar adamı heyran edir. Düşərgəmiz nar, çinar və başqa ağaclar bitən meşədədir. Nuxa əsl möcüzədir. O, Bağçasaraydan qat-qat üstündür… Burada bu diyarın keçmiş xanlarının sarayı var. Bu saray o qədər gözəldir ki, Bağçasaray onunla müqayisədə çox zəif təsir bağışlayır». Şəki ərazisində çoxsaylı arxeoloji abidələrin olması onun çoxəsrlik tarixə malik olduğuna sübutdur. Cüyürlü və Daşüz kurqanları, Yoncalı nekropolu (eramızdan əvvəl II əsr), Qotur təpə adlı qədim məskən, Salman dərə (tunc dövr), Dəhnə kəndindəki qüllə və s.
Bənzərsiz təbii gözəlliyi, gözəl abidələri, zəngin ənənələri və özünəməxsus mədəniyyəti, yerli sakinlərin qonaqpərvərliyi və incə yumor hissi ilə ad çıxarmış qədim Şəkidə olmaq ayrıca zövqdür.


